Реклама
» » Azərbaycanda iqtisadi yüksəlişi dəstəkləyən dövlət qulluğu sistemi formalaşdırılıb

Azərbaycanda iqtisadi yüksəlişi dəstəkləyən dövlət qulluğu sistemi formalaşdırılıb

22-06-2019, 22:18
Oxunub: 8
Çap üçün versiya


Azərbaycanda dövlət qulluğunun son illərdə yenidən formalaşdırılması səyləri bir neçə mühüm məqsədə xidmət edib: a) iqtisadi artımı və ölkənin inkişafını dəstəkləyəcək effektiv dövlət qulluğu sisteminin qurulması; b) dövlət strukturlarının peşəkar kadr resursları ilə təmin edilməsi; c) şəffaflıq, iştirakçılıq və hesabatlılıq baxımından cəmiyyətin tələbatının ödənilməsi.

Ölkəmizdə müasir dünyada qəbul edilmiş dövlət qulluğu sistemlərinə uyğun olaraq müvafiq sahədə səmərəliliyi artırmaq istiqamətində islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi idarəetmə sisteminin təkmilləşdirilməsi prosesini sürətləndirmək, demokratik dövlətin əsas prinsiplərinin həyatına keçirilməsini və vətəndaş cəmiyyətinin gücləndirilməsini təmin etmək, bazar iqtisadiyyatı üçün qayda və mexanizmlər, hüququn üstünlüyünə əsaslanan idarəetmə strukturu formalaşdırmaqdır.

İnteraktiv.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyevin "Azərbaycanda iqtisadi artımı və inkişafı dəstəkləyəcək effektiv dövlət qulluğu sisteminin formalaşdırılması" məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyi çərçivəsində dövlət qulluğu sisteminin quruculuğu prosesi rəsmi olaraq 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə başlanıb. Xüsusən 55-ci maddədə (dövlətin idarə olunmasında iştirak etmək hüququ) əksini tapan müddəalar bu prosesin konstitusion əsaslarındandır. Bu sahədə normativ hüquqi baza yaradılması, dövlət qulluğuna qəbulun imtahanla keçirilməsi, dövlət qulluqçularının hazırlanması sisteminin, sosial təminatı sisteminin formalaşdırılması və digər bu kimi addımlar atılıb. 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Həmin vaxtdan keçən dövr ərzində bu sahədə onlarca qanun, sərəncam və fərmanlar verilib və mükəmməl hüquqi baza formalaşıb. Nəticədə dövlət qulluğuna qəbul, dövlət qulluqçularının vəzifə təsnifatı, ixtisas dərəcələrinin müəyyən edilməsi və digər məsələlər həll olunub.

Azərbaycan dövlət idarəçiliyində və dövlət qulluğu sisteminin quruculuğu sahəsində mühüm addımlar atıb. Bu sırada müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hakimiyyət qurumlarının formalaşdırılmasını, bazar iqtisadiyyatına əsaslanan dövlət idarəçiliyinə transformasiyanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemində səmərəliliyin yüksəldilməsi, davamlı inkişaf üçün şəraitin, sosial vəziyyətin yaxşılaşdırılması, demokratik institutların hərtərəfli inkişafı üçün görülən işləri nümunə göstərə bilərik.

Azərbaycanda həyata keçirilən inkişafın dayanıqlılığını təmin edən mühüm sənəd kimi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ndə nəzərdə tutulan kompleks tədbirlər sırasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi xüsusi yer tutur. Bu, dövlət qurumları qarşısında yeni vəzifələr müəyyənləşdirib. İstər dünyanın ayrı-ayrı ölkələrində, istərsə də Azərbaycan Respublikasında ən müxtəlif sahələr üzrə inkişaf, ilk növbədə, dövlət qulluğu sisteminin təkmilləşdirilməsini tələb edir. Yəni, istənilən ölkənin inkişafı dövlət orqanlarının qarşısında böyük vəzifələr qoyur. Daha dəqiq ifadə etmiş olsaq, bu vəzifələr dövlət orqanlarında çalışanlara aiddir. Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və mövcud reallıqlara uyğun şəkildə yenilənməsi ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsini, dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsini və bütövlükdə dövlətin davamlı inkişafını şərtləndirir. Bu baxımdan "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya" dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması və inkişafı baxımından mühüm sənəddir. Azərbaycanda davamlı şəkildə həyata keçirilən dövlət idarəçiliyi islahatları, o cümlədən dövlət qulluğunda islahatlar dövlət idarəçiliyi və inkişafı arasında paralelliyin, uzlaşmanın təmin olunmasına yönəlib.

Dövlət strategiyalarının inkişafı və həyata keçirilməsi üçün effektiv vasitə səmərəli, məsuliyyətli, şəffaf dövlət xidmətləridir. Bütün bunlar vətəndaşların rifahı üçün lazım olan sağlamlıq, təhsil və digər sosial xidmətlərin yerinə yetirilməsində mühüm rol oynayır. Ölkəmizdə dövlət qulluğunun müasir standartlara cavab verməsini təmin etmək üçün 2007-2011-ci illəri əhatə edən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya", "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi reallaşdırılıb. Dövlət orqanlarının işinin daha səmərəli təşkili üçün elektron xidmətlər göstərilməsi, Elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığın daha da artırılmasına, məmurlar tərəfindən yol verilən bəzi neqativ halların tamamilə aradan qaldırılmasına, məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsinə gətirib çıxarıb. Müasir dövrdə dövlət xidmətlərində yeni nəsil yanaşmalar məmur-vətəndaş fiziki təmasını azaldan və dördüncü nəsil sənaye inqilabının dövlət qulluğuna təsiri kimi ortaya çıxan idarəetmə anlayışıdır. Dövlət qulluğunun həyata keçirilməsində innovativ texnologiyaların tətbiq olunması məsələləri diqqət mərkəzindədir. Dövlət xidmətlərində yeni nəsil yanaşmaların tətbiqi baxımından "ASAN xidmət" (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi) bir örnəkdir. Bu xidmət fərqli dövlət xidmətlərini bir məkanda birləşdirir. Bu agentliyin fəaliyyət istiqamətləri "ASAN xidmət" mərkəzlərinin vahid idarə edilməsi, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, dövlət qurumlarının informasiya mərkəzlərinin qarşılıqlı inteqrasiyasının monitorinqi və qiymətləndirilməsi, elektron xidmətlərin təşkilinin sürətləndirilməsi kimi Mərkəzi icra orqanı olaraq müəyyən edilib. Bu model davamlı inkişafın təmin edilməsi, dövlət xidmətlərinin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və digər sahələrə müsbət təsiri baxımından önəmlidir. Göründüyü kimi, son illər ərzində dövlət xidmətlərində yeni islahatlar dalğası davam etdirilir. Bu sırada xidmətlərin asanlaşdırıldığını və "bir pəncərə sistemi"nin (One-Stop-Shop və ya Single Window) formalaşdırıldığını söyləmək olar. Ölkəmizdə dövlət xidmətləri sahəsindəki nailiyyətlər sırasında 2007-ci ildə Dövlət Neft Fondunun "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə "BMT-nin Dövlət Qulluğu Mükafatı"na və 2015-ci ildə "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında "ASAN xidmət"in "BMT-nin Dövlət Xidmətləri Mükafatı"na layiq görülməsini qeyd etmək yerinə düşər.

Azərbaycanda dövlət qulluğunda hesabatlılığın artırılması, dövlət qurumlarında təkmilləşdirmələr, dövlət qulluğuna qəbulun rasionallaşdırılması, e-dövlət fəaliyyətlərinin genişləndirilməsi, xidmətlərdə xalqa yaxınlıq və s. bütün bunlar dövlət qulluğunda səmərəliliyə xidmət edən islahatlardır. Bu islahatlar dövlət qulluğu sisteminin təkmilləşdirilməsini şərtləndirməklə yanaşı, ölkənin siyasi və iqtisadi inkişafı üçün real zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə dövlət qulluğu sistemində həyata keçirilən islahatlar vətəndaş məmnunluğunun, dövlət qulluğunun səmərəliliyinin təmin olunmasına hesablanılmaqla yanaşı, bütün hallarda dövlətin inkişafı məsələlərini də vacib istiqamət kimi əhatə edir. Prezident İlham Əliyevin dövlət idarəçiliyində və onun ən mühüm institutlarından biri olan dövlət qulluğunda apardığı islahatlar və inkişaf siyasəti səmərəlilik və ədalətlilik prinsiplərinə əsaslanır. Azərbaycanda iqtisadi inkişaf xalqın rifah səviyyəsinin yüksəlməsinə, təhsilin, səhiyyənin inkişafına, əhali gəlirlərinin artmasına səbəb olub. Bu genişmiqyaslı islahatlar ölkənin hərtərəfli inkişafına və insanların rifah səviyyəsinin yüksəldilməsinə xidmət etməkdədir.

İnteraktiv.Az

 шаблоны для dle 11.2
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.